>

mr.fix® KOBİA tərəfindən "Fəal Xarici Şirkət" mükafatına layiq görüldü

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) beşillik yubileyini kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdim edilməsinə həsr etməsi gözəl təşəbbüsdür. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu mükafatın təqdim edilməsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Nazir KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Agentliyin əməkdaşlarını və sahibkarları təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına göstərdiyi diqqət və qayğı tətbiq edilən dəstək alətlərində də özünü göstərir. Qeyd olunub ki, KOB-lar ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu təmin edir, iqtisadi şaxələndirməyə əhəmiyyətli töhfə verir. Sahibkarların iqtisadi inkişafda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasında fəal iştirakına toxunan nazir diqqətə çatdırıb ki, hazırda Qarabağda sahibkarlar uğurla fəaliyyət göstərir. Ağdam və Cəbrayılda yaradılmış sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti buna nümunədir. Sahibkarların bu proseslərdə biznes mənafeləri ilə yanaşı, vətənpərvərlik və sosial məsuliyyət nümayiş etdirməsi, uğurlu gələcəyə yönəlmiş baxışa malik olması isə olduqca təqdirəlayiqdir. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə bir çox yeni layihələr həyata keçiriləcək ki, bu da Qarabağda geniş məskunlaşmanı təmin edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkə iqtisadiyyatının inkişafında özəl sektorun xüsusi rolunu, sahibkarlığın inkişafının dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatına dəyər qatan sahibkarlar dövlət tərəfindən yüksək qiymətləndirilir.

Bu mükafatlandırma mərasimində mr.fix® ilin "Fəal Xarici Şirkət" kateqoriyasında mükafata layiq görüldü və mükafat Türkiyə Cumhuriyyətinin Bakı səfiri cənab Cahit Bağcı tərəfindən təqdim edilmişdir. Bizi mükafata layiq görən hər kəsə, bu mükafatın alınmasında böyük payı olan əməkdaşlarımıza və müştərilərimizə təşəkkür edirik!